REGİONLAR
NDU-da “Fizika və astronomiyanın müasir problemləri” adlı onlayn respublika konfransı keçirilib
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Fizika və astronomiyanın müasir problemləri” mövzusunda vebinar təşkil edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vebinarda çıxış edən universitetin rektoru Elbrus İsayev ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiqi sahələr ilə əlaqəsinin aydınlaşdırılması və bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti gündəmdədir. Rektor elmin müxtəlif sahələrinin kəsişməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək bu cür vebinarların əhəmiyyətini önə çəkib.
Bildirilib ki, NDU-da bakalavr üzrə Fizika və Fizika müəllimliyi, magistratura üzrə Fizika fənninin tədrisi, metodikası və metodologiyası, Yarımkeçiricilər fizikası, doktorantura üzrə isə Nəzəri fizika, Yarımkeçiricilər fizikası, Bərk cisimlər fizikası ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Elbrus İsayev bu ixtisaslar üzrə təhsil alan tələbələrin müvafiq laboratoriyalarda keçdikləri təcrübi dərslərin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
“Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusunda çıxışında AMEA Geologiya və Geofizika İnstitutu, texnika üzrə elmlər doktoru, professor Fuad Hacızadə uzaqdan aerokosmik, həmçinin hava üsulları və kosmik metodlar barəsində məlumat verib.
Dünyanın ən böyük rəsədxanalarından biri AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov qeyd edib ki, rəsədxananın elmi fəaliyyətində ulduzlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi əsas yer tutur. Bu sahədə əsas tədqiqatlar ulduz atmosferlərində və qalaktikalarda baş verən qeyri-stasionar proseslərin öyrənilməsinə yönəlib. Tədqiqatlar əsasən rəsədxanadakı ulduz teleskoplarında alınmış müşahidə materialları əsasında aparılır.
Naxçıvan Dövlət Universiteti fizika üzrə fəlsəfə doktoru, dosent Xanəli Həsənov daşıyıcı raketlərin hərəkətinin spesifik xüsusiyyətlərini təhlil edib.
“Asteroid-komet təhlükəsi problemi” mövzusunda çıxışında AMEA-nın Naxçıvan Bölməsinin fizika üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev yerin kosmik cisimlərlə-kometlər, asteroidlər, meteoritlərlə toqquşma təhlükəsi ilə bağlı anlayışın 1980-ci ildə irəli sürüldüyünü diqqətə çatdırıb. Bildirib ki, hazırda astronomlar belə asteroidləri müntəzəm surətdə müşahidə edirlər.
Vebinar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələrin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
Konfransın “Fizikanın aktual problemləri” və “Astronomiyanın müasir problemləri” adlı iki bölmə iclasında Bakı Dövlət Universitetinin, AMEA-nın Geologiya və Geofizika İnstitutunun, Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, AMEA-nın Fizika İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Gəncə Dövlət Universitetinin, AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının əməkdaşları elmi mövzularla çıxış ediblər.