NDU-da Xocalı soyqırımı ilə əlaqədar internet aksiya keçirilib
Naxçıvan, 26 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər internet aksiya və konfransla yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, aksiya universitetin Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilib.
Təşkilatın sədri Arzu Abdullayev internet aksiyası barədə danışaraq deyib ki, aksiya zamanı dünyanın 50 ölkəsinin 500-dən çox elektron poçt ünvanına Azərbaycan həqiqətləri çatdırılıb. NDU-da təhsil alan xarici ölkə vətəndaşları da aksiyada fəal iştirak ediblər. Nigeriya, Cənubi Koreya, Banqladeş, qardaş Türkiyədən olan tələbələr Xocalı faciəsi, Azərbaycan həqiqətləri barədə faktlar əsasında hazırlanmış mətnləri, o cümlədən fotoşəkilləri və slaydları nüfuzlu beynəlxalq təşkilatların elektron ünvanlarına göndəriblər.
NDU-da Xocalı soyqırımına həsr olunmuş konfransda isə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu faciənin Ermənistanın Azərbaycana qarşı yürütdüyü soyqırımı və deportasiya siyasətinin, ozamankı Azərbaycan iqtidarının qətiyyətsiz və laqeyd fəaliyyətinin ağır nəticəsi olduğunu diqqətə çatdırıb.
Ali məktəbin tərbiyə işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədov “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda məruzə edərək, bəşər tarixində görünməmiş qətliam olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Xocalı hadisələri BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli Konvensiyasına, Nürnberq Hərbi Tribunalının Nizamnaməsinə, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsinə və digər sənədlərə əsasən soyqırımı aktı kimi qəbul edilməlidir. Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Çexiya, ABŞ-ın 20 ştatı tərəfindən rəsmi şəkildə tanınması, bir çox dövlətlərin parlamentlərində müzakirə olunması Azərbaycanın haqq səsinin dünyaya çatdırılması deməkdir.
Məruzəçi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər barədə də məlumat verib. Qeyd olunub ki, insanlığa qarşı yönəlmiş bu cinayəti törədənlər öz layiqli cəzalarını almalıdırlar.
Sonda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.