SİYASƏT
“Neft, qaz və media” beynəlxalq konfransı ölkəmizin durmadan artan beynəlxalq imicinin əyani təsdiqidir
Bakı, 18 sentyabr (AZƏRTAC). “Neft, qaz və media” mövzusunda konfrans ölkəmizin durmadan artan beynəlxalq imicinin əyani təsdiqidir.
AZƏRTAC xəbər verir ki bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sentyabrın 18-də jurnalistlərə açıqlamasında demişdir.
Şöbə müdiri demişdir ki, ölkəmiz bu mötəbər tədbirə xüsusi önəm verərək, bir il ərzində konfransın təşkilinə geniş hazırlıq işləri aparmışdır. Tədbirin ölkəmizdə keçirilməsi təsadüfi xarakter daşımır. Bu, qədim neft ölkəsi olan Azərbaycanın durmadan artan beynəlxalq imicinin əyani təsdiqidir.
Ə.Həsənov dünyanın neft və qaz mövzusunda yazan tanınmış jurnalistlərinin beynəlxalq forumunun Bakıda keçirilməsini yüksək qiymətləndirildiyini qeyd etmişdir. Konfransın əhəmiyyətindən bəhs edən Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, tədbirdə Azərbaycanın müasir dünyanın enerji təhlükəsizliyindəki rolu, karbohidrogen ehtiyatlarımızın bölgənin inkişafındakı yeri, respublikamız və regionun geosiyasi məsələləri, Xəzər neftinin və qazının alternativ marşrutlarla dünya bazarlarına çıxarılması və onun Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, qitədə yaratdığı yeni şərait və digər məsələlər ilə bağlı məruzələr səslənəcəkdir. Konfransda, həmçinin Azərbaycanın neft-qaz ölkəsi kimi dünyadakı önəmi, respublikamızın neft-qaz məhsullarının dünyanın geoiqtisadiyyatında yaratdığı yeniliklər haqqında məlumat veriləcəkdir.