DÜNYA
NEFT VƏ QAZ KƏŞFİYYATININ YENİ METODU YARADILMIŞDIR
Norveçdə qitə şelfində neft və qaz kəşfiyyatının yeni metodu yaradılmışdır. Bu, ənənəvi metodlardan daha sərfəlidir.
“Statoyl” şirkətinin apardığı tədqiqatlar neftin və qazın kəşfi üçün sınaq qazmalarının sayını azaltmağa və onların səmərəliliyini artırmağa imkan verir.
Seysmik tədqiqatlar neftin və qazın olduğunu göstərsə də, əsl vəziyyəti yalnız sınaq qazmaları aydınlaşdırır. Özü də, 10 qazmadan 8-i yanlış olur. Bir qazmanın 100-200 milyon krona (1 dollar 7,5 krondur) başa gəldiyi nəzərə alınsa, nə qədər böyük məbləğdə vəsaitin hədər sərf edildiyini təsəvvür etmək olar.
“Statoyl”un yeni metodu elektromaqnit dalğalarının dənizin və ya okeanın dibinə göndərilməsindən ibarətdir. Onlar su və ya neft-qazla rastlaşmasından asılı olaraq, müxtəlif cür əks olunur.
Bu tədqiqatlar “Statoyl”un Tronheymdəki tədqiqat mərkəzində aparılmışdır. Alimlər hesab edirlər ki, yeni metod neft və qaz kəşfiyyatında inqilaba səbəb olacaqdır. Lakin metod hələ öyrənilir.
Alimlər bildirirlər ki, əvvəllər elektromaqnit dalğalarının təsiri heç kimə məlum deyildi. Bundan əlavə, onların dəniz dibinin belə dərin strukturlarına daxil olacağı güman edilmirdi.
Layihə üzərində işləyənlərdən biri - Hunnar Mirbeye demişdir ki, bu metoddan 500 metrdən artıq dərinlikdə istifadə edildikdə onun səmərəsi artır.
“Statoyl” Norveçdə və xaricdə belə dərinliklərdə işləyir. Şirkət bu layihəyə görə yaxın vaxtlarda Stavangerdə keçiriləcək beynəlxalq sərginin mükafatına namizədliyə irəli sürülmüşdür.
İTAR-TASS xəbər verir ki, “Statoyl” bu layihəyə 25 milyon kron sərmayə qoymuşdur. Yeni metod Norveç dənizindəki bəzi yataqlarda sınaqdan çıxarılmışdır və nəticələr ümidvericidir.