Neftçala rayonunda bələdiyyə sədrinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 8 may, AZƏRTAC
Neftçala rayon sakinlərinin Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kollektiv müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla Qismət Qəfərovun bələdiyyə sədri işləyərkən ayrı-ayrı şəxslərdən qaimə-faktura və ödəniş tapşırıqlarından qanunsuz istifadə etməklə müxtəlif texnoloji avadanlıqların, mebel əşyalarının və yanacaq məhsulunun alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına müəyyən pul məbləğlərini ödəməklə öz şəxsi məqsədləri üçün istifadə edib ümumilikdə xeyli məbləğdə bələdiyyə əmlakını mənimsəyib, bundan başqa icarə müqaviləsinin müddətinin uzadılması məqsədilə müraciət etmiş kənd sakini Anar Əmrahova zor tətbiq etməklə qəsdən sağlamlığına yüngül zərər vurduğu müəyyənləşdirilib.
Qismət Qəfərov Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.