Nəqliyyat Nazirliyində ulu öndər Heydər Əliyevin xatirəsi anılmışdır
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da Nəqliyyat Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
NN-in mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin, eləcə də tabeli qurumların - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin və “Avtonəqliyyatservis” Departamentinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək, ulu öndərin məzarını ziyarət etmiş, abidəsi önünə gül düzmüşlər.
Ümummilli liderin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən tədbirdə nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlət quruculuğu, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi, respublikamızın beynəlxalq aləmdə tanınması, respublika vətəndaşlarının sosial həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən, onun bir dövlət xadimi olaraq dünyadakı nüfuzundan danışmışdır.
Qeyd olunmuşdur ki, hər il mayın 10-u ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqilliyini yenicə bərpa etmiş, 1993-cü ilə qədər problemlər, ziddiyyətlər, daxili çəkişmələr məkanına çevrilmiş Azərbaycan məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində dağılmaqdan xilas olmuşdur. Bildirilmişdir ki, bu gün Heydər Əliyev siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutmuş, regionda lider dövlətə çevrilmişdir.