NƏRİMAN NƏRİMANOVUN XATİRƏ MUZEYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, mayın 2-də Nəriman Nərimanovun xatirə muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Firdovsiyyə Əhmədova ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və 212 nömrəli orta məktəb şagirdlərinin görüşü keçirilmişdir.
F.Əhmədova yazıçı, publisist, həkim, ictimai-siyasi xadim Nəriman Nərimanovun fəaliyyətindən danışmışdır. Yazıçı və publisist, həmçinin şəfalı həkim kimi öz xalqına əvəzsiz xidmət edən bu dahi şəxsiyyət gərgin tarixi şəraitdə Azərbaycan Xalq Komissarları Şurasının sədri təyin edilmiş, 1922-ci ildə SSRİ yarandıqdan sonra, Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri vəzifəsinədək yüksəlmişdir. O, Azərbaycan Xalq Komissarlığının ilk sədri olmuşdur.
Firdovsiyyə Əhmədova tarixi sənədlərə istinad edərək bildirmişdir ki, kommunizm ideyalarına inandığı üçün sonradan vicdan əzabı çəkən N.Nərimanov ömrünün sonunadək xalqını düşünmüşdür.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Afət Allahverdiyeva bildirmişdir ki, zaman-zaman qınaqlara baxmayaraq, gərgin tarixi şəraitdə xalqı üçün yazıb-yaradan, ömrünü Azərbaycana həsr edən bir insanın işıqlı xatirəsi gənc nəslin yaddaşında daim yaşayacaqdır.
Sonda muzeyin direktoru N.Nərimanovun şəxsi arxivi, özəl əşyaları ilə maraqlanan tələbə və şagirdlərin suallarına cavab vermişdir.