SİYASƏT
Nərimanov rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunmuşdur
![Nərimanov rayonunda 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunmuşdur](/files/2013/3/1200x630/14071451182617544347_1200x630.jpg)
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Nərimanov Rayon İcra Hakimiyyəti və “Evrika” liseyinin birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Evrika” liseyinin müəllimləri və fəal gənclər iştirak etmişlər.
Liseyin müəllimləri Azərbaycanın dövlət bayrağının tarixindən danışmışlar. Qeyd etmişlər ki, dövlət bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir. Bayrağımıza hörmət, ehtiram, sevgi və qayğı hər bir gəncin, hər bir vətəndaşın milli fəxarət məqamına çevrilməlidir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək demişdir ki, Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etməsi və 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin başçısının Azərbaycan Respublikasının rəmzlərinə və atributlarına nə qədər hörmətlə yanaşdığını və dəyər verdiyini göstərir.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev dövlət bayrağının rəngləri və üzərindəki rəmzlər haqqında məlumat vermişdir. O, xatırlatmışdır ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Sonda A.Fərzəliyev YAP-ın sıralarına qəbul olunmuş üzvlərə partiyanın vəsiqələrini təqdim etmişdir.