Nərimanov rayonunda gözəllik salonundan və gül mağazasından mobil telefonlar oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Nərimanov rayonunda yerləşən gözəllik salonlarının birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq orada çalışan işçilərdən birinin nəzarətsiz qalan dəyəri 4500 manat olan mobil telefonunu oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, eyni məzmunlu şikayətlə rayonda yerləşən gül satılan mağazaların birindən də Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə şikayət daxil olub. Həmin şəxs isə mağazadan 4400 manat dəyərində dörd ədəd mobil telefonun oğurlandığını bildirib. Rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Rövşən Rəhimov saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisələrini etiraf edib. Rövşən Rəhimovla bağlı aparılmış araşdırmalar zamanı onun paytaxtın digər rayonlarında da obyektlərə daxil olub nəzarətsiz qalan telefonları oğurladığı müəyyənləşdirilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı R.Rəhimov barəsində 18-ci polis bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onun digər oxşar cinayətlər törətməsi istisna edilmir. R.Rəhimovin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.