Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanının xatirəsi anılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Bakının Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Hərbi Hava Qüvvələrinin şəhid polkovniki Nudirəliyev Zaur İsmayıl oğlunun anım tədbiri keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Hikmət Məmmədov, Rasim Musabəyov, Nərimanov Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim çərçivəsində şəhidin İkinci Fəxri xiyabandakı məzarı ziyarət edilib, şəhidlərimizin ruhuna dualar oxunub, xatirələri ehtiramla yad olunub.
Tədbirdə çıxış edənlər Zaur Nudirəliyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun Ermənistanın 30 il müddətində işğal altında saxladığı tarixi torpaqlarımızı azad etməsi bir daha ölkəmizin gücünü, qüdrətini dünyaya göstərib. Məhz şəhid Zaur Nudirəliyev kimi oğullarımızın hesabına Azərbaycan döyüş meydanında misli görünməmiş Zəfər qazanıb.
Diqqətə çatdırılıb ki, şəhidlərimiz bu tarixi Qələbəni bizə bəxş edərək şanlı tariximizin ən parlaq səhifələrini öz qanları ilə yazdılar. Bu zəfər yürüşümüzdə qəhrəmancasına şəhid olmuş Zaur Nudirəliyev ölümündən sonra ”Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şanlı tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazanılmış Qələbəyə görə Azərbaycan xalqı hər zaman qəhrəmanlarımıza minnətdardır.