MƏDƏNİYYƏT
“Nəsildən-nəslə teatr” layihəsinin panelində gənclərlə yeni tendensiyalar müzakirə olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində keçirilmiş tematik seminarın “Dramaturgiya: əvvəldə söz var idi” adlı paneli Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə sənət ocağının kiçik səhnəsində baş tutub.
Panelin qonağı yazıçı-dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmodernizm-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparıb.
Dramaturq, həmçinin mədəni, tarixi məqamlara da toxunaraq sözün gücünün onun düzgün çatdırılmasında olduğuna diqqət çəkib.
Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.
“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulub.