Nəsimi rayonunda yanğın təhlükəsizliyi məsələləri diqqət mərkəzində saxlanılır
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Nəsimi Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış qaydalarının aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda rayon müşavirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ağaəli Əhmədov müşavirənin əhalinin maarifləndirilməsində böyük əhəmiyyət daşıdığını vurğulamış, qış mövsümünün yaxınlaşması ilə əlaqədar bu məsələnin daha da aktual xarakter daşıdığını bildirmişdir.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Cəfər Məmmədov yanğın hadisələri zamanı nazirliyin fəaliyyət istiqamətlərindən və əhaliyə dərhal yardım göstərilməsindən danışmışdır.
Daha sonra Bakı Regional Mərkəzinin istismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi, mayor Elgün Ələkbərov “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları” haqqında çıxış etmişdir.
Digər çıxışlarda da yanğınların profilaktikası və yanğın hadisələri zamanı əhalinin maarifləndirilməsi mövzusuna toxunulmuş, rayon ərazisində yanğın mühafizəsi problemlərinin həlli yollarına dair fikirlər səsləndirilmişdir.
Müşavirədə yanğınların profilaktikasında və yanğın zamanı əhaliyə düzgün davranış qaydalarının aşılanması mövzusunda videomaterial nümayiş etdirilmişdir.