MƏDƏNİYYƏT
Nigeriyalı vunderkind 100 saatlıq rəsm marafonu ilə yeni dünya rekorduna imza atıb
![Nigeriyalı vunderkind 100 saatlıq rəsm marafonu ilə yeni dünya rekorduna imza atıb](/files/2024/1/1200x630/17049609156313020469_1200x630.jpg)
Bakı, 11 yanvar, AZƏRTAC
Savanna İncəsənət və Dizayn Kollecinin (ABŞ) nigeriyalı tələbəsi Kansler Axaqotu 100 saat ərzində fasiləsiz rəsm çəkərək, əvvəlki 60 saatlıq rekordu üstələyib və dünya rekordunu qırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, onun marafon zamanı şəxsi inkişaf və yaradıcı ambisiyalar yolunu əks etdirən 106 rəsm əsəri yaradılıb. Tələbə bunun sayəsində ABŞ-da və bütün dünyada tanınıb.
Marafon qaydalarına uyğun olmaq üçün Kansler diqqətini mücərrəd ifadələr deyil, tanınan obrazların yer aldığı sənət əsərlərinin yaradılmasında cəmləyib. Marafon ərzində o, məşhurlar, təbiət, heyvanlar və bir çox başqa geniş mövzular spektrinin əhatə olunduğu 106 rəsm əsərindən ibarət təsiredici kolleksiya toplayıb.
Onun marafonunun ən dəyərli parçası 60 saatlıq həddə əvvəlki rekordu qırdığı anı simvolizə edən musiqi dinləmək üçün istifadə olunan sınmış cihazın təsvir olunduğu rəsm əsəri olub. Kanslerin əsərləri dərin şəxsi xarakter daşıyıb, tablolarda onun saatlarla rəsm çəkdiyi zaman yaşadığı müxtəlif əhvali-ruhiyyə və emosiyalar əks olunub.
Marafon qaydaları Kanslerə çox az - hər saatda beş dəqiqə istirahət etməyə imkan verirdi, o, həmin vaxtdan qida qəbulu, istirahət və sair kimi mühüm məşğuliyyətlər üçün istifadə edirdi. Çox yorğun olmasına baxmayaraq, xüsusilə də 88 saat həddə yaxınlaşdıqda, Kansler diqqətini hədəfdən çəkmədi. O, həm 100 saatda 100 rəsm əsəri yaratmaq məqsədinə nail oldu, həm də natürmortlar və halsız olduğu vəziyyətinin təsvir olunduğu son avtoportret də daxil olmaqla, əlavə rəsm əsərlərini çəkməkdə davam etdi.