NİYAZİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Muzeyin əməkdaşları tədbirdən əvvəl Şəhidlər xiyabanına gedərək görkəmli sənətkarın xatirəsini yad etmiş, məzarı üzərinə tər çiçək dəstələri qoymuşlar.
Tədbir iştirakçıları Niyazi ilə bağlı muzeyə yeni daxil olmuş materiallardan ibarət təşkil edilmiş sərgiyə baxmışlar.
Mədəniyyət naziri Polad Bülbüloğlu tədbirdə Niyazinin həyat və yaradıcılığından danışaraq bildirmişdir ki, hər dəfə bu evə daxil olanda həmişə maestro ilə bağlı xatirələrimi yaşayıram. Nazir Niyazini təkcə böyük sənətkar kimi deyil, həm də əvəzsiz vətəndaş kimi səciyyələndirmişdir.
Azərbaycan Dövlət ədəbiyyat və incəsənət arxivinin direktoru Maarif Teymurov, xalq artistləri Əminə Dilbazi, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylı, Azərbaycan və Özbəkistanın xalq artisti Firudin Səfərov və başqaları Niyazi ilə bağlı xatirələrini söyləmişlər. Natiqlər bildirdilər ki, böyük sənətkarın bu gün musiqi aləminə məlum olmayan əlyazmaları mövcuddur və onlardan 13-ü artıq tapılmışdır.
Tədbirdə incəsənət xadimləri Niyazinin əsərlərini ifa etmişlər.