“Nizami poeziyasında səs və rəng” mövzusunda mühazirə keçirilib
Bakı, 29 oktyabr, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə, eləcə də “Nizami Gəncəvi İli” çərçivəsində növbəti mühazirə keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Aran regional filialı il ərzində rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz...” devizi ilə keçirilən “Nizami mühazirələri”nin beşinci toplantısı onlayn təşkil edilib.
Tədbiri Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq XII əsr ictimai-siyasi və hüquqi fikirlərinin ən görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin öz əsrinin misilsiz humanist mütəfəkkiri olduğunu, onun sosial-siyasi ideyalarının Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynadığını bildirib. Y.Bahadurqızı dahi şairin poeziyasının müxtəlif aspektlərdən öyrənilməsi və təbliğinin vacibliyini qeyd edib. O, bu məqsədlə keçirilən mühazirələrin gənc nəslin Nizami irsinə marağının artırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini Əsəd Cahangir “Nizami poeziyasında səs və rəng” mövzusunda məruzə ilə çıxış edib və dinləyicilərin suallarını cavablandırıb.
Mühazirəyə Kürdəmir rayon ümumtəhsil məktəblərinin dil-ədəbiyyat müəllimləri, Nizami yaradıcılığına maraq göstərən məktəblilər və klassik poeziya həvəskarları qoşulublar.