Nizami rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Bakı, 22 dekabr, AZƏRTAC
Paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində, həmçinin sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti və Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 8-ci kilometr, Bəkir Çobanzadə küçəsinin Bəhruz Nuriyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsindəki ərazidə, 2500 nəfərdən çox sakinin yaşadığı 7 çoxmərtəbəli yaşayış binası və onları əhatə edən küçəboyu ərazidə təmizlik-abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən ünvanlarda yaşayış binalarının fasadları və pilləkən qəfəsələri təmir edilib, giriş qapıları, dam örtükləri yenilənib, həyətlərdə sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraiti yaradılıb. Abadlaşdırılan həyətlərdə uşaq meydançaları salınıb, müxtəlif idman qurğuları, 14 söhbətgah və 90 ədəd yeni oturacaq quraşdırılıb, tullantılar üçün qutular qoyulub.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları, yanğınsöndürmə hidrant sistemi quraşdırılıb, elektrik sistemi yenilənib.
Eyni zamanda, Bəkir Çobanzadə küçəsi boyunca yol şəraitinin yaxşılaşdırılması və sakinlərin hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə düyməli piyada işıqforu, yol nişanı quraşdırılıb, piyada keçidləri yenilənib.
Qeyd edək ki, həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 550 ədəd müxtəlif növ ağac və 15 min kol əkilib, 8500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bundan əlavə, 6 min paqon/metr yeni bordür quraşdırılıb, 3200 kvadratmetr səki örtüyü, 9 min kvadratmetr asfalt örtüyü yenilənib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbirlə əlaqədar abadlaşdırılan ərazi bayramsayağı bəzədilib, kiçik yaşlı uşaqların əylənməsi üçün yolka qurulub.
Sakinlər görülən işlərdən razılıq ifadə edərək, onların istirahəti üçün burada yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.