Nizami rayonunda narkotiklərin satışı ilə məşğul olan üç nəfər saxlanılıb VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Əsmər Kazımova Qara Qarayev prospektində narkotik vasitələrin satışını həyata keçirən zaman tutulub. Onun üzərində axtarış aparılarkən satış üçün qablaşdırılan 17 bükümdə marixuana aşkar edilib. Əsmər Kazımova ifadəsində narkotik vasitələri Bəxtiyar və Elmir adlı şəxslərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin qadına narkotik vasitəni satan Bəxtiyar Qasımlı və Elmir Ağamalılı da saxlanılaraq istintaqa təqdim olunublar.
Hər iki şəxsin üzərindən bir kibrit qutusu marixuana aşkarlanıb. Bəxtiyar Qasımlının Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satış üçün saxladığı 19 kibrit qutusunda marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər izahatlarında paytaxtın Nizami, Suraxanı və digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.