Nizami rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 9-u saat 17 radələrində Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə Nizami Rayon Prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla Natiq Ramazanovun tik-tok sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonunun Q.Qarayev prospektində görüşdüyü və bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncunun Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirdiyi, nəticədə onun xəstəxanaya aparılarkən yolda öldüyü müəyyən olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.