Nizami rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi olub
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Nizami rayonunda Vətən müharibəsində şəhid olmuş Alı Həsənlinin və Rafael İbrahimovun anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbər və nümayəndələri, şəhidlərin doğmaları, valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edən şəhidlərin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar edilib, onların və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirələri dərin ehtiramla yad olunub.
Qeyd edək ki, Alı Həsənli və Rafael İbrahimov Füzuli uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək şəhid olublar. Onlar Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ölümlərindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.