Novosibirskdə Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişafı müzakirə olunub
Moskva, 1 iyun, AZƏRTAC
Novosibirskdə Azərbaycanın Müstəqillik Gününə və Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Karl Marks Kitabxanasında hər iki ölkənin akademik icmalarının nümayəndələri ilə telekonfrans vasitəsilə baş tutub.
İqtisad elmləri doktoru, professor Mixail Çernyakov və iqtisad üzrə fəlsəfə doktoru, dosent Kamal Əkbərov konfrans iştirakçılarına müraciət ediblər. Onlar iştirakçıları Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib və iki ölkə arasında elmi və mədəni əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Konfransda Rusiya və Azərbaycan universitetlərinin alimləri və müəllim heyəti məruzələrlə çıxış ediblər. İki ölkə arasında iqtisadi, təhsil və humanitar sahələrdə əməkdaşlığa dair cari məsələlər, həmçinin filologiya, dil siyasəti və mədəniyyətlərarası ünsiyyət mövzuları müzakirə olunub.
İştirakçılar bu cür tədbirlərin keçirilməsinin elmi dialoqun genişlənməsinə, təhsil əlaqələrinin inkişafına və Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.