Novruz bayramı ərəfəsində Kürdəmirin Pirili kəndinə təbii qaz verilib
Kürdəmir, 3 mart, AZƏRTAC
Kürdəmir rayonunda 47-ci yaşayış məntəqəsinə - 2384 nəfər əhalinin yaşadığı Pirili kəndinə təbii qaz verilib. Beləliklə də, artıq rayon əhalisinin 80,3 faizi “mavi yanacaq”dan istifadə edir. Kəndin qazlaşdırılmasında, ümumilikdə, 44686 metr müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. 307 mənzilin hər birinə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Pirili kəndinə “mavi yanacağ”ın verilməsi martın 3-də təntənəli mərasimlə qeyd olunub.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov və digər çıxış edənlər regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı çərçivəsində rayonda həyata keçirilən sosial-iqtisadi layihələrdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişinə müvafiq olaraq respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam edir. Belə ki, hazırda daha 11 kənddə qazlaşdırma işləri aparılır.
Kənd sakinləri Abdul Abdulov, Roza Süleymanova və başqaları Novruz bayramı ərəfəsində təbii qazın verilməsinə, eləcə də insanların sosial qayğılarına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.