REGİONLAR
“Novruz qatarı”: gənclərin Ordubada ekskursiyası təşkil olunacaq
Naxçıvan, 14 mart, AZƏRTAC
Martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə gənclərin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Novruz qatarı” adlanan ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil ediləcək, müxtəlif yarışlar keçiriləcək, musiqi nömrələri səsləndiriləcək.
“Novruz qatarı” ekskursiyasında 3 müasirtipli sərnişin vaqonu hazırlanaraq Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılacaq. Vaqonlarda sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə kupelərdə çay süfrəsi təşkil ediləcək, müxtəlif bayram şirniyyatları veriləcək və kupelər Novruz bayramına məxsus atributlarla bəzədiləcək.
Ordubad rayonunun gənclərinin də qoşulacağı ekskursiyada gənclər əvvəlcə rayon ərazisindəki muzeylərlə tanış olacaq, bayram şənliyində iştirak edəcəklər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və dərslərində müvəffəqiyyət qazanan tələbələrin Novruz bayramı tətilində asudə vaxtlarının mənalı təşkili, onların Ordubad rayonunda keçirilən el şənliklərində iştirakının təmin edilməsidir. Həmçinin Ordubadda turizmin təbliği və bu ekskursiya vasitəsilə ictimai nəqliyyat növü olan dəmir yolundan istifadə edilməsinə marağın artırılmasıdır.
Qeyd edək ki, bir gün davam edəcək ekskursiyada 120 gəncin iştirakı nəzərdə tutulub.