SİYASƏT
Nüfuzlu “Əş-Şərq əl-Ausat” qəzetində Heydər Əliyev Mərkəzinin binasının arxitekturası ilə bağlı geniş məqalə dərc edilmişdir
Əmman, 13 noyabr (AZƏRTAC). Londonda ərəb dilində nəşr olunan nüfuzlu “Əş-Şərq əl-Ausat” qəzetində tanınmış jurnalist Cəmilə Həlfişinin Heydər Əliyev Mərkəzinin binasının arxitekturası ilə bağlı məqaləsi nəşr edilmişdir.
Müəllif yazır ki, noyabrın 5-də Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı olmuşdur. Mərasimdə rəsmi şəxslər, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar və müasir memarlığın şah əsərlərindən olan Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli Zaha Hadid iştirak etmişlər.
Yazıda qeyd edilir ki, Heydər Əliyev Mərkəzinin binası arxitektura incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması, ümumiyyətlə, öz aurası ilə hamını heyran edir.
Diqqətə çatdırılır ki, Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu Bakıda ucaldılan bu nadir memarlıq abidəsi möhtəşəm görünüşü və əzəməti ilə müasir Bakının simasını daha da gözəlləşdirir.
Müəllif yazır ki, Zaha Hadid mərasimdə çıxış edərək əslində imkansız tapşırıq kimi görünən bu binanın inşasının onlar üçün gözəl təcrübə olduğunu söyləmişdir.
Məqalədə Heydər Əliyev Mərkəzinin inşasının Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğu vurğulanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman