Nuran Abdullayev: Azərbaycanda insult mərkəzlərin fəaliyyətlərinin təşkili üçün işə başlanılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Son illərin əsas müzakirə mövzularından biri də yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə xəstələrə göstərilən xidmətlərin müəyyən səviyyədə çətinləşməsidir. Almaniyada aparılan statistikaya əsasən, pandemiya dövründə xəstələrə göstərilən xidmət səviyyəsi əvvəlki illərlə müqayisədə eyni olsa da, xəstələrin virusdan qorxaraq həkimə müraciət etməmələri insultdan illik ölüm faizinin artmasına səbəb olub. Ona görə də təkcə virusun özü deyil, yaratdığı bu cür vəziyyətlər də tibbi xidmətlərin təşkilində müəyyən problemlər yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Zəfər Tibb Simpoziumundakı çıxışı zamanı deyib.
N.Abdullayev bildirib ki, Azərbaycanda olan insult xəstələri ilə bağlı elmi araşdırmaların istinad edilən elmi ədəbiyyatlara daxil edilməsi vacibdir: “Bunun üçün ən vacib faktorlardan biri də həmin xəstələrə standartlaşdırılmış şəkildə tibbi xidmətlərin göstərilməsidir. Həmin tibbi xidmətlər üçün 2016-ci ildən bəri olan məlumatlar ictimaiyyətə çatdırılıb və qurumlarla bir sıra müzakirələr aparılıb. Danışıqlar nəticəsində, Azərbaycanda insult mərkəzlərinin qurulması pilot layihə kimi artıq ön plana çıxıb və mərkəzlərin fəaliyyətlərinin təşkili üçün işə başlanılıb. Azərbaycanda insult mərkəzlərinin təşkili xəstələrlə bağlı daha dəqiq statistika aparmağa imkan yaradacaq”.