NURSULTAN NAZARBAYEV: QAZAXISTAN VƏ ÖZBƏKİSTAN GƏLƏCƏKDƏ VAHİD DÖVLƏTDƏ BİRLƏŞMƏLİDİR
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, Qazaxıstan və Özbəkistan gələcəkdə vahid dövlətdə birləşməlidir. O, sentyabrın 9-da Özbəkistan Prezidenti İslam Kərimov ilə Astanadakı danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış etmişdir. İTAR-TASS xəbər verir ki, prezidentlər Qazaxıstan-Özbəkistan dövlət sərhədinin ayrı-ayrı sahələri haqqında ikitərəfli müqavilə və iki dövlət arasında əbədi dostluq haqqında 31 oktyabr 1998-ci il tarixli müqavilənin yerinə yetirilməsinin gedişi barədə birgə bəyannamə imzalamışlar.
Nursultan Nazarbayev demişdir ki, Qazaxıstan-Özbəkisan dövlət sərhədinin ayrı-ayrı sahələri haqqında müqavilə “səmimi dostluq və qonşuluq münasibətlərinin bariz nümunəsini əks etdirir və əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu gün biz Qazaxıstan-Özbəkistan sərhədi məsələsini qəti şəkildə həll etdik”. Qazaxıstan lideri xatırlatmışdır ki, ötən il Qazaxıstan-Özbəkistan dövlət sərhədinin delimitasiyası haqqında müqavilə imzalanmışdır. Sənəd sərhədin 96 faizinin delimitasiyasını hüquqi cəhətdən təsbit etmişdir.
İki dövlətin ekspertləri bir il ərzində hər iki tərəfi razı sala biləcək kompromis axtarmışlar. Nursultan Nazarbayev bildirmişdir ki, indi həll olunmamış məsələ qalmamışdır. O demişdir ki, bütün məsələlər insanların rifahı və mənafeyi naminə həll olunmuşdur.
İslam Kərimov bildirmişdir ki, “Qazaxıstan və Özbəkistan arasında ərazi və dövlət sərhədi ilə bağlı heç bir mübahisəli məsələ qalmamışdır”. Özbəkistan Prezidenti vurğulamışdır ki, sərhəd məsələləri ilə bağlı sivil dövlət münasibətləri yaradılmışdır. “Lakin bu, o demək deyildir ki, sabah sərhəddə tikanlı məftil çəkiləcəkdir”. İslam Kərimov demişdir ki, Özbəkistanda 1,1 milyon qazax yaşayır, xeyli özbək isə Qazaxıstan vətəndaşıdır. Qazaxıstan-Özbəkistan sərhədində bir-birinə qonaq getmək və öz məsələlərini həll etmək üçün məntəqələr və onlarla yol var”.
İki ölkə arasında sərhədin uzunluğu 2440 kilometrdir.
İslam Kərimov sentyabrın 9-da Astanaya rəsmi səfərlə gəlmişdir. Bu, Özbəkistan Prezidentinin Qazaxıstan paytaxtına 5-ci səfəridir.