“OĞUZ ELİ”NİN MİKAYIL MÜŞFİQİN 100 İLLİK YUBİLEYİNƏ TÖHFƏSİ
AZƏRTAC xəbər verir ki, “Oğuz eli” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin şair Mikayıl Müşfiqin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncamının icrası çərçivəsində görkəmli şairə xüsusi buraxılış həsr etmişdir.
Buraxılışda oxucunun diqqəti daha çox Müşfiqin həyat və yaradıcılığı haqqında yeni məlumatlara cəlb edilir. Onlardan biri “Yenə o bağ olaydı” şeiri ilə bağlıdır. İndiyədək belə hesab edilirdi ki, istedadlı şairin bu şeiri həyat yoldaşı Dilbər Axundzadəyə həsr olunmuşdur. Amma AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rəfael Hüseynovun “Millətin zərrəsi” kitabının Arifə Məmmədxanlı ilə söhbətə aid hissəsindən götürülmüş parçadan məlum olur ki, həmin şeir Arifə üçün yazılmışdır. Arifə xanımın dediyinə görə, həmin vaxtlar onun 16 ya 17 yaşı olardı. Mikayıl Müşfiq tez-tez onların bağına gələrdi. Şairlər şeirləşərdilər, gecə keçənədək söhbət edərdilər. Bağ mövsümü qurtarandan sonra gənc şair Arifə xanımgilin evlərinə də gəlməyə başlamışdı. Bir gün o dərsdən qayıdanda Sabir bağının yanında şair “təsadüfən” (belə təsadüflər cox olurmuş) onunla rastlaşır və ona “Məndə sənə çatası bir şeir var” deyir və bükülmüş dəftər vərəqini ona verir. Bu, yuxarısında “Arifəyə” yazılmış “Yenə o bağ olaydı” şeiri idi.
Həmin materialda Arifə xanım etiraf edir ki, onda Müşfiqə qarşı heç bir başqa hiss olmayıb. Şairi qardaşı Ənvərdən fərqləndirməyib. Amma fakt faktlığında qalır. Şeirdə təsvir olunan bağ da Ənvər Məmmədxanlıgilin bağıdır.
Buraxılışda belə maraqlı məlumatlara xalq şairi Nigar Rəfibəylinin “Günəşdən gənclik istədim”, xalq yazıçısı Anarın “Sizsiz” kitablarından verilmiş parçalarda, görkəmli ədəbiyyatşünas alim Əkrəm Cəfərin 1992-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Həmişə sevimli, gözəl şairimiz” materialından götürülmüş parçada, şairin qohumu, Bakıdakı 189 nömrəli məktəbin müəllimi Şəhla Gündüzün “Altıncı mərtəbə”, Rəhman Babaxanlının “Etiraf və etiraz” məqalələrində də rast gəlmək olar.
Nəşrdə Rəsul Rzanın “Qızıl gül olmayaydı” poemasından parça, Vaqif Bayatlı Önərin “Müşfiqin qocalıq şəkli”, Məmməd Aslanın “Dilbər”, Vahid Əzizin “Vətənə qayıdanlar”, Abbas Abdullanın “Röyamda yazdığım şeir”, Fikrət Qocanın “Müşfiq”, Azər Abdullanın “Sən mənim zalım dünyam”, Dilbər Axundzadənin və Müşfiqin şeirləri də yer almışdır.