SİYASƏT
Oğuz rayonunda Dövlət Bayrağı Gününün qürur və sevinci yaşanmışdır
Oğuz, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Oğuz şəhərindəki Bayraq Meydanında Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilmiş, bu əlamətdar günün qürur və sevinci yaşanmışdır.
AZƏRTAC xəbər verir ki, bayramsayağı bəzədilmiş meydanda rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, məktəblilərin, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra başımızın üzərində dalğalanan üçrəngli bayraq suverenliyimizin simvolu kimi, bütün soydaşlarımız üçün qürur mənbəyinə, müqəddəs dövlət rəmzlərindən birinə çevrilmişdir.
Bildirilmişdir ki, ilk dəfə 1918-ci il noyabrın 9-da qaldırılan dövlət bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti ilə birgə ləğv edilmişdi. Yalnız 70 il sonra, 1990-cı ilin noyabrında xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi, onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi geniş qeyd olunur. Bakıdakı Dövlət Bayrağı Meydanında dünyanın ən hündür bayraq dirəyi ucaldılmışdır.
Tədbirin sonunda məktəblilərin ifasında Azərbaycana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Bayram tədbirinin keçirildiyi Oğuz şəhərindəki Bayraq Meydanı 2011-ci ilin noyabrında istifadəyə verilmişdir. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 50 metr, bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir.
Dövlət Bayrağı Günü münasibətilə rayonun ümumtəhsil məktəblərində konfranslar, “dəyirmi masa”lar, idman yarışları, həmçinin mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Oğuz şəhərindəki Mədəniyyət Mərkəzində “Şərəf rəmzi” adlı tədbir keçirilmişdir.