Oğuz rayonunun Bucaq kəndi ərazisində dörd qumbara tapılıb
Bakı, 26 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə Oğuz rayonunun Bucaq kəndi ərazisində iki şübhəli bağlamanın aşkarlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gəliblər. Bağlamalarda dörd qumbara və partladıcı olduğu müəyyənləşdirilib.
Polis əməkdaşları tərəfindən ərazi dərhal mühafizəyə alınıb və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları dəvət edilib.
Agentliyin mütəxəssisləri əraziyə baxış keçirib və dörd ədəd F-1 əl qumbarası və bir qumbara partladıcısı aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.