Oktyabr ayında Bakı Banklararası Valyuta Birjasında xarici valyutalarla elektron hərracların yekunları elan edilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Oktyabr ayında Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sisteminin (BEHS) valyuta bölməsində hərracların ümumi həcmi 19,249 milyon manat, yaxud 24,540 milyon dollar təşkil etmişdir. Hərraclarda cəmi 7 bank iştirak etmişdir. Hesabat ayında 40 ticarət sessiyası keçirilmiş və 10 əqd qeydə alınmışdır.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, oktyabr ayında valyuta bölməsində hərracların həcmi sentyabr ayı ilə müqayisədə 11,530 milyon manat və ya 1,6 dəfə azalmışdır.
Oktyabr ayında birjanın elektron hərraclar sistemində USD/AZN aləti üzrə orta gündəlik dövriyyə təqribən 1,227 milyon dollara çatmış, hər əqdin orta həcmi 2,454 milyon dollar təşkil etmişdir.
USD/AZN_TOD aləti üzrə milli valyutanın birja məzənnəsi hesabat ayında dəyişməmiş, 1 dollar üçün 0,7835 manat təşkil etmişdir. ABŞ dollarının manata nisbətdə orta gündəlik məzənnəsi isə hesabat ayında 1 dollar üçün 0,7844 AZN təşkil etmişdir.
2013-cü ilin oktyabr ayında 90 günlük BakIBOR kreditləri üçün market-meyker bankların sifarişləri əsasında hesablanan orta aylıq faiz dərəcəsi manatla illik 10,20 faiz, ABŞ dolları üzrə isə 10,47 faiz təşkil etmişdir. BakIBID kreditləri üzrə 90 günlük faiz dərəcəsi manatla illik 4,83 faiz, ABŞ dolları üzrə 4,62 faiz təşkil etmişdir.