Oleq Korneyev: Muxtar respublikanın paytaxtı tamamilə yenidən qurulub
Naxçıvan, 7 may, AZƏRTAC
İlk dəfə Naxçıvana 1984-cü ildə şahmat yarışında iştirak etmək üçün gəlmişdim. Ondan sonra da bu diyara səfər etmişəm. Bu dəfə isə Naxçıvana gələndə inanılmaz dəyişikliklərin şahidi oldum. Sanki muxtar respublikanın paytaxtı tamamilə yenidən qurulub, ucaldılıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçısı, İspaniya təmsilçisi qrossmeyster Oleq Korneyev deyib.
“Naxçıvan şəhərində müasir yollar, binalar, göz oxşayan parklar salınıb. Bir şahmatçı kimi mənim diqqətimi cəlb edən yer isə Naxçıvan Şahmat Mərkəzi oldu. Bu mərkəz, sözün əsl mənasında, möhtəşəmdir” - deyən Oleq Korneyev qeyd edib ki, artıq üçüncü dəfədir Naxçıvanda təşkil olunan Beynəlxalq Şahmat Festivalında iştirak edir.
İspaniya təmsilçisi deyib: “Dünyanın bir çox yerlərində yarışlarda olmuşam. Amma buradakı qədər yüksək səviyyəli təşkilatçılığa demək olar ki, rast gəlməmişəm. Şahmatçıların yarışlarda iştirakı, istirahəti, asudə vaxtlarının təşkili üçün hər cür şərait yaradılıb. Buna görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.