MƏDƏNİYYƏT
Ölkəmiz Özbəkistanda “Xalqların adət-ənənələri” festivalında təmsil olunub
Daşkənd, 16 may, AZƏRTAC
Daşkənddəki Dəmir yolu və Nəqliyyat Kollecində “Xalqların adət-ənənələri” adlı festival keçirilib.
Tədbirdə Daşkənddəki milli mədəniyyət mərkəzləri iştirak edib, onlar öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Kollecin direktoru Abdufato Qaibnazarov bildirib ki, ənənəvi keçirilən tədbirə müxtəlif xalqların nümayəndələri qatılır və onlar öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edirlər. Bu da şagirdlərə digər xalqların mədəniyyəti ilə tanış olmağa böyük dəstək verir.
Mədəniyyət mərkəzi üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ölkəmizin tarixi, mədəniyyəti, incəsənətindən bəhs edən nəşrlər, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar haqqında kitablar, həmçinin suvenirlərimiz nümayiş etdirilib.
Tədbirdə AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.
Festivalın sonunda AMM və “Azərbaycan qızları” uşaq rəqs ansamblı da diplom alanlar sırasında olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd