Ölkəmizdə “Elm günü”nün yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı qəbul olunub
Bakı, 13 fevral, AZƏRTAC
Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də dövlətimizin başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamı olub. Həmin Sərəncama əsasən hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd ediləcək. Beləliklə, 2019-cu ildə ilk dəfə olaraq ölkəmizdə “Elm günü” keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu əlamətdar günün ölkəmizdə yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən, 2019-cu ilin fevral-mart aylarında elmdə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının fəxri fərmanlarının verilməsi, “Gənc qadınlar elmdə”, “Bitki aləmi”, “XXI əsrin ən səmərəli tətbiq işi” və digər müxtəlif nominasiyalar üzrə Rəyasət Heyəti tərəfindən müsabiqələrin keçirilməsi qərara alınıb. Bundan əlavə, Bakıda və regionlarda “Elm günü” ilə əlaqədar müasir dövrün aktual problemlərinə həsr edilmiş elmi seminarların, mühazirələrin, sərgilərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, AMEA-nın elmi müəssisə və təşkilatlarında ali və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri üçün “Açıq qapı” gününün təşkili planlaşdırılıb.