Ölkəmizdə fərdi uçot sistemində hesaba malik olanların sayı 3 milyon yarımı ötüb
Bakı, 15 mart, AZƏRTAC
Bu ilin fevralında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq qeydiyyata alınan sığortaolunanların sayı 11,8 min nəfər təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da Fondun fərdi uçot sistemində şəxsi hesaba malik olanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,1 min nəfər artaraq bu il martın 1-də 3 milyon 597 min 367 nəfərə çatıb.
Qeydiyyata alınmış hər bir sığortaolunana onların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb edilən mühüm məlumatların toplanılması üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb. Həmçinin uçota alınmağı, adlarına fərdi şəxsi hesabın açılmasını təsdiq edən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək onlara təqdim olunub. Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti vasitəsilə onlayn qaydada da həyata keçirmək mümkündür və indiyədək həmin elektron xidmətdən 867 min dəfə istifadə edilib.
Vətəndaşlar onlar üçün açılmış fərdi şəxsi hesablarda məcburi dövlət sosial sığorta haqları formasında gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün pensiya kapitalı toplamaq imkanı əldə edirlər. Həmin hesablarda toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənmək, sosial sığorta ödənişlərinin mütəmadi həyata keçirilməsinə nəzarət etmək üçün nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti sığortaolunanların istifadəsindədir. Vətəndaşlar indiyədək həmin elektron xidmətdən 600 min dəfə faydalanıblar.