ÖLKƏMİZDƏ İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ARDICIL İŞLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Ağsuda “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın təbliği və bununla əlaqədar həyata keçirilən tədbirlərlə bağlı ictimai dinləmələr keçirilmişdir.
Tədbir iştirakçıları - Ombudsman Elmira Süleymanova, rayon icra hakimiyyəti aparatının təmsilçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi meydanda ulu öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək qoymuşlar.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri açaraq müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar görülmüş işlər barədə danışmışdır.
Elmira Süleymanova “İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər” mövzusunda məruzə etmişdir.
Məruzəçi və digər natiqlər Azərbaycanda azad, demokratik və hüquqi dövlət quruculuğu sahəsində görülmüş mühüm işləri xatırlatmışlar. Bildirmişlər ki, ölkəmizdə insan hüquqlarının qorunması dövlətimizin əsas prinsiplərindən biri kimi dəyərləndirilir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsini gündəmə gətirmişdir. Bununla bağlı dövlət, ictimai və beynəlxalq təsisatlarla sıx əməkdaşlıq şəraitində iş aparılmış, mövcud xarici təcrübə təhlil edilərək konkret strategiya müəyyən olunmuş və nəticədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" 28 dekabr 2001-ci il tarixli Konstitusiya Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən Ombudsman institutunun təsis olunmasının əsas məqsədi kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi müəyyən olunmuşdur. Natiqlər Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının xüsusi əhəmiyyətini vurğulanmışlar. Qeyd olunmuşdur ki, qısa müddətdə 235 beynəlxalq konvensiyaya qoşulan Azərbaycan insan hüquqları üzrə 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmışdır.
Ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə ardıcıl və müntəzəm tədbirlər görüldüyü, ötən müddətdə bu sahədə qanunvericilik aktlarına əlavə və dəyişikliklər edildiyi, islahatlar aparıldığı, demokratik ədalət məhkəməsi prinsiplərinə əsaslanan məhkəmə sisteminin, hüquq-mühafizə orqanlarının işinin yenidən formalaşdırıldığı da diqqətə çatdırılmışdır.
Milli Məclisin deputatı Ərəstun Cavadov parlamentin insan hüquqlarının müdafiəsi üzrə gördüyü işlər, qəbul etdiyi qanunlar barədə ətraflı məlumat vermişdir.
Ombudsman Elmira Süleymanova iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmişdir.