Ölkəmizin innovasiya və texnologiya istiqamətlərində mövqeyinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna (AZİNNEX) daxil olan texnoloji şirkətlərin rəhbərləri ilə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə AZINNEX tərəfindən ötən il ərzində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Ölkəmizdə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri, ixracda mövcud maneələr, pandemiyanın bu sahəyə neqativ təsirləri, eyni zamanda, yaratdığı imkanlar, həmçinin beynəlxalq reytinqlərdə, xüsusilə də innovasiya və texnologiya istiqamətlərində ölkəmizin mövqeyinin daha da yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə texnologiya şirkətlərinin universitetlərlə əlaqələrinin genişləndirilməsi, araşdırma və inkişaf (R&D) fəaliyyətinin dəstəklənməsi, universitetlərdə startap ekosisteminin inkişafı ilə bağlı müzakirələr aparılıb və birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
Sonda Konsorsiumun fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi, yeni üzvlüyə dair qaydalar, müraciətlərinin qiymətləndirilməsi haqqında bir sıra qərarlar verilib.
Qeyd edək ki, Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumuna daxil olan şirkətlər innovativ məhsullarını və xidmətlərini 20-dən artıq ölkəyə ixrac edir.