OMBUDSMAN APARATININ NÜMAYƏNDƏSİ KİŞİNYOVDA BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı Kişinyov şəhərində Avropa Komissiyasının TAİEX proqramı, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin birgə təşkil etdikləri “İfadə azadlığı” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, seminarda Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların təmsilçiləri, Qara dəniz regionu ölkələrinin dövlət, qeyri-hökumət və KİV nümayəndələri iştirak etmişlər.
A.Səfixanlı seminarda çıxış edərək Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin ötən dövrlər ərzində ölkəmizdə fikir, söz və məlumat azadlığının təmin edilməsi, jurnalistlərin peşə hazırlığının və hüquq mədəniyyətinin yüksəldilməsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat vermişdir.