ON BEŞ ÖLKƏNİN ƏN FƏAL GƏNCLƏRİ AZƏRBAYCANDADIR
Bakı, 20 oktyabr (AZƏRTAC). Oktyabrın 20-də Avropa Şurasının dəstəyi, Gənclər və İdman Nazirliyi “Salto Youth Resurs Mərkəzi”nin təşkilatçılığı ilə “Azərbaycanda gənclər işinin reallığı” mövzusunda beynəlxalq tədbir öz işinə başlamışdır. Tədbirdə Avropa İttifaqının üzvü olan 15 ölkənin, o cümlədən Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin “Gənclər fəaliyyətdə” proqramı üzrə milli agentliklərinin rəsmi nümayəndələri və Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində gənclər və idman naziri Azad Rəhimov qonaqlarla görüşmüşdür.
Nazir bildirmişdir ki, tədbirin məqsədi Azərbaycanda həyata keçirilən gənclər siyasəti ilə yaxından tanış olmaq, “Gənclər fəaliyyətdə” və “Şərq tərəfdaşlığı” proqramları üzrə ölkəmizdə, eləcə də Avropanın digər ölkələri üzrə planlaşdırılan layihələrin geniş müzakirəsini aparmaqdır. A.Rəhimov Azərbaycan gəncləri ilə bağlı son illər görülən işlər barədə məlumat vermişdir. Ölkəmizdə səfərdə olan gənclər təşkilatları ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları arasında yaradılan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayan nazir demişdir ki, bu tədbir gələcək əməkdaşlığın və yeni layihələrin təməlini qoyacaqdır. Qeyd edək ki, səfər çərçivəsində qonaqlar bir neçə rəsmi görüşlər keçirəcək, Gəncəyə səfər edəcək, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarında olacaq, gələcək layihələrlə bağlı müxtəlif müzakirələrdə və diskussiyalarda iştirak edəcəklər.
Tədbir oktyabrın 25-dək davam edəcəkdir.
######
