İQTİSADİYYAT
On beş tələbə “IT HUB Azərbaycan” layihəsində iştirak hüququ qazanıb
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” (4SİM) “StrategEast” təşkilatı ilə birgə “IT HUB Azərbaycan” layihəsinə start verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahədə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsindən ibarətdir.
Qeyd edək ki, baş ofisi ABŞ-da yerləşən “StrategEast” Avrasiya ölkələrində biliyə əsaslanan iqtisadiyyatın inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Layihənin üstün tərəflərindən biri də ondan ibarətdir ki, təlimi müvəffəqiyyətlə bitirmiş tələbələr Azərbaycanda qalmaqla, iştirakçı xarici şirkətlərdə işlə təmin olunmaq imkanı əldə edirlər. 4SİM-in təşkilatçılığı və əlaqələndirilməsi, Təhsil Nazirliyinin dəstəyi ilə ilkin mərhələ üçün seçilmiş 3 universitetdən (Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti) 30-dan çox tələbə seçim prosesində iştirak edib, onlardan 15 nəfəri qlobal texnologiya şirkətləri tərəfindən keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Təlimlər, ilk mərhələdə ödənişsiz olmaqla, 4-8 ay müddətində onlayn şəkildə “QA mühəndislik”, “FrontEnd” və “Java” üzrə qruplarda keçiriləcək. Artıq “QA mühəndislik” üzrə təlimlərə başlanılıb. Gələcəkdə layihənin daha da genişləndirilməsi və iştirakçı şirkətlərin Azərbaycanda filiallarının yaradılması nəzərdə tutulur.