Orxan Məmmədov: ESG prinsipləri müxtəlif aspektlər baxımından bizneslər üçün çox əhəmiyyətlidir
Bakı, 23 dekabr, AZƏRTAC
Ətraf mühit, sosial və korporativ idarəetmə - qısaca desək, ESG yanaşması son dövrlərdə kifayət qədər geniş hərəkata çevrilib. ESG prinsipləri müxtəlif aspektlər baxımından bizneslər üçün çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, ESG meyarlara riayət edilməsi müəssisələrin rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına, eləcə də xarici investisiyaların cəlb edilməsinə imkan verir: "ESG yanaşmasının əsas elementlərindən biri sosial məsələlərdir ki, bu da əmək münasibətləri və insan resurslarını da əhatə edir. Bu baxımdan, ESG-nin tətbiqi işçilərin iş yerində saxlanılmasına, məhsuldarlığın yüksəldilməsinə və istedadların işə cəlb edilməsinə imkan verir. Araşdırmalar göstərir ki, dayanıqlı və sosial məsuliyyət məsələlərinə diqqət yetirən şirkət işçilər üçün arzuolunan iş yeri hesab edilir".
O.Məmmədov qeyd edib ki, KOBİA ESG prinsiplərinin təşviqində yaxından iştirak edir. Belə ki, təqribən 2 il bundan əvvəl Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın tərkibində KOBİA tərəfindən rəhbərlik edilən ESG standartları üzrə altqrup yaradılıb: "Alt qrupda dövlət, özəl və ictimai təşkilatların 25-dən artıq nümayəndəsi təmsil olunur. Həmin dövrə qədər, xüsusilə özəl sektor və ictimai təşkilatlar səviyyəsində ESG ilə bağlı təşəbbüslər edilirdi. Lakin onlar fərdi xarakter daşıyır və kütləviliyin artırılmasına gətirib çıxara bilmirdi. ESG üzrə alt qrupun yaradılması isə bu boşluğu aradan qaldırmaqla daha sistemli və əhatəli yanaşmanın tətbiqinə, ən əsası dövlət və özəl sektorun səylərinin birləşdirilməsinə imkan verdi".
O bildirib ki, ötən 2 il müddətində ESG altqrupu çərçivəsində bir sıra işlər görülüb: "Ölkəmizdə ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi ilə bağlı ortamüddətli dövr üçün strateji baxış müəyyən edilib. Sözügedən sənəddən irəli gələrək, 2023-cü və 2024-cü illər üçün Yol xəritələri hazırlanıb. 2023-cü ildə qrup çərçivəsində fəaliyyətimiz - daha çox mövcud vəziyyətin araşdırılması, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi, boşluqların müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində təkliflərin formalaşdırılması ilə bağlı olub. ESG standartları üzrə altqrup çərçivəsində 2023-cü il üzrə Yol Xəritəsinin icrası üzrə ərsəyə gəlmiş materiallar, arayış və hesabatlar toplanaraq məcmuə halında ümumiləşdirilmiş və tərəfimizdən çap edilərək maraqlı tərəflər arasında paylanıb. 2024-cü ildə fəaliyyətimiz çərçivəsində ötən ay “Ətraf mühit, sosial və korporativ idarəetmə” prinsipləri ilə bağlı çərçivə dövlət standartı təsdiq edilmiş və ESG üzrə vahid elektron platforma hazırlanıb".