OSLO DÜNYANIN ƏN BAHALI ŞƏHƏRİDİR
Agentliyin ekspertləri dünyanın 128 şəhərində mal və xidmətlərin qiymətlərini tədqiq etmişlər. Tədqiqatların nəticələri əsasında agentlik öz müştəriləri və şirkətlər üçün tövsiyələr hazırlayır. Bu məsləhət şirkətinin hazırladığı reytinq dünyada ən obyektiv sayılır. Çünki agentliyin ekspertləri gündəlik məişət mallarının qiymətlərini nəzərə alırlar.
Agentliyin nümayəndəsi bildirmişdir ki, həqiqətən, Tokionun liderliyi uzun illərdir dəyişmirdi. Lakin Yaponiya paytaxtının ikinci yerə keçməsi təsadüfi deyildir. Buna digər dünya valyutalarına, ilk növbədə, avroya nisbətdə yenin məzənnəsinin düşməsi səbəb olmuşdur. Norveçdə 2004-cü ildən istehlakçı fəallığının, sərmayələrin həcminin artması və ümumi iqtisadi yüksəliş müşahidə edilir.
Siyahıda Tokiodan sonra üçüncü yeri İslandiyanın paytaxtı Reykyavik tutmuşdur. Dördüncü yeri Yaponiyanın Osako şəhəri və Paris bölüşdürmüşdür. Beşinci yeri Kopenhagen, sonrakı yerləri London, Sürix, Cenevrə və Helsinki tutmuşdur.
Reytinqdəki ilk 30 şəhərin 20-si Avropada yerləşir. Təhlilçilərin fikrincə, bu, ötən illər ərzində avronun məzənnəsinin dollara nisbətən qalxması ilə izah edilir. Həmin səbəbdən ABŞ şəhərləri son reytinqdə hətta ilk iyirmiliyə də daxil olmamışdır. ABŞ-ın ən bahalı şəhəri olan Nyu-York 27-ci yeri, sonuncu, 128-ci yeri İranın paytaxtı Tehran tutur.