“Osmanlı müfəssəl dəftərinin nəşrində Ziya Bünyadovun rolu” - konfrans
Bakı, 30 dekabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda akademik Ziya Bünyadovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Osmanlı müfəssəl dəftərinin nəşrində Ziya Bünyadovun rolu” mövzusunda konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, professor Tahirə Həsənzadə “İrəvan əyalətinin icmal dəftərləri” və Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Rəna Məmmədova “1725-1727-ci illərdə Gəncə-Qarabağ əyalətlərində Osmanlı vergi sisteminin tətbiqi (“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” əsasında)” mövzularında məruzə ilə çıxış ediblər. Konfransda, həmçinin Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin “Naxçıvan sancağının müfəssəl dəftəri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nailə Səmədovanın “Ziya Bünyadov xatirələrdə”, Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Ziya Bünyadovun “Qırmızı terror” əsəri” mövzularında məruzələri dinlənilib. Çıxışlarda akademik Ziya Bünyadovun Azərbaycanın şərqşünaslıq, tarixşünaslıq, mənbəşünaslıq, dinşünaslıq elminin inkişafında xidmətlərindən, onun cəmiyyətimizdəki rolundan bəhs edilib, alimin sağlığında bir elmi məktəb yaratdığı vurğulanıb.
Əlyazmalar İnstitutunun əməkdaşları akademik Ziya Bünyadov haqqında xatirələrini bölüşüblər.