Ötən ay ANAMA tərəfindən 158 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib
Bakı, 1 fevral, AZƏRTAC
Yanvar ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Qaradağ, Qazax, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı rayonlarında və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki şəhərlərində 486 min 894 kvadratmetr ərazi yoxlanılıb. Bu müddətdə 158 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 1 və tank əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyatlara 477 nəfərlik əməliyyat heyəti, 136 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 532 milyon 656 min 82 kvadratmetr ərazi təmizlənib, 801 min 317 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
Yanvarda Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən 12, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 6, Dövlət Sərhəd Xidmətindən 5 və Suraxanı Rayon Polis şöbəsindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tovuz rayonlarında, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində 20 min 600 kvadratmetr ərazi yoxlanılıb. Səksən dörd partlamamış hərbi sursat və 2 tank əleyhinə mina aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.