CƏMİYYƏT
Ötən il 376 könüllü qanvermə aksiyası keçirilib
Bakı, 27 fevral, Əziz Məmmədov, AZƏRTAC
Ötən il respublikada 376 könüllü qanvermə aksiyası keçirilib.
Bunu AZƏRTAC-a eksklyüziv müsahibəsində B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva bildirib. O deyib: “Həmin aksiyalarda 72 471 nəfər iştirak edib. Bu da 2013-cü ilin göstəricisindən 7 010 nəfər, yaxud 10,7 faiz çoxdur. Bütövlükdə 2014-cü il ərzində 36.080 litr (2013-cü ildə 32 048 litr) qan verilib. Könüllü aksiyaların iştirakçılarının 57 faizi Mərkəzi Qan Bankında qan verib”.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Aşura Günü könüllü qanvermə aksiyasında xüsusilə fəaldırlar. Məsələn, ötən il Məhərrəm ayının onuncu günü könüllü aksiyalarda 4.676 nəfər iştirak edib və 1870 litr qan götürülüb. Yığılan bu qan hemofiliyadan və talassemiyadan əziyyət çəkən insanların, habelə donor qanı lazım olan bütün xəstələrin müalicəsində pulsuz istifadə olunur.