Ötən il Tərtərdə 25 min hektardan çox sahədə kənd təsərrüfatı bitkiləri əkilib
Tərtər, 1 fevral, AZƏRTAC
Tərtər rayonunda 2022-ci ilin məhsulu üçün 25 min 93,3 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, əkin sahələrinin 8364,3 hektarı dənli və dənli paxlalı bitkilər, 5838,1 hektarı texniki bitkilər, 1375,5 hektarı kartof, bostan və tərəvəz bitkiləri, 9515,4 hektarı yem bitkiləridir.
2022-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 35 min 176,1 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanıb ki, onun da 17 min 341,2 tonu buğda, 15 min 891,9 tonu arpa, 1662 tonu qarğıdalı, 281 tonu digər taxıl məhsullarının payına düşür. 2021-ci ilə nisbətən buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı 0,6 sentner, qarğıdalının məhsuldarlığı 1,1 sentner, noxudun məhsuldarlığı 0,2 sentner, lobyanın məhsuldarlığı 0,4 sentner, soyanın məhsuldarlığı 9,8 sentner artıb.
Ötən il 11 min 253,9 ton pambıq, 4152,4 ton şəkər çuğunduru, 6313,6 ton günəbaxan, 4107,8 ton kartof, 13 min 763,5 ton müxtəlif növ tərəvəz istehsal edilib. Bu bitkiçilik sahələri üzrə də məhsuldarlıq əvvəlki illə müqayisədə artıb.
Həmçinin 2022-ci ildə 25,4 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1664,2 hektar, o cümlədən bar verən yaşda 1509,4 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olub və həmin bağlardan 16 min 352,6 ton meyvə və giləmeyvə toplanıb. Yeni salınmış meyvə bağlarının 14 hektar xurma, 5 hektar gilas, 2 hektar alça, 1,4 hektarı ərik, 1 hektarı alma, 1 hektarı armud, 1 hektarı isə çiyələk bağlarıdır. Ötən il rayonda 7,1 hektar üzümlükdən 806,1 ton üzüm yığılıb. 2022-cu ildə rayonun təsərrüfatlarında 1290000 ədəd meyvə və 51000 ədəd dekorativ bitki tingləri yetişdirilib.