ÖZ GÖZLƏRİNDƏ TİRİ GÖRMƏYƏN ERMƏNİLƏR GÜRCÜSTANI DA GÜNAHLANDIRMAĞA BAŞLAMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, öz gözlərində tiri görməyən, qonşu ölkələrə qara yaxmaqda ad çıxarmış ermənilər Gürcüstanı da günahlandırmağa başlamışlar. Əcdadlarından yaxşı dərs almış erməni mənşəli fransız Parisdə nəşr edilən “Les Nouvelles d’Armenie” qəzetində dərc etdirdiyi “Erməni mədəni irsi Gürcüstanda dağıdılır” sərlövhəli məqaləsində haray-həşir salaraq, Tbilisidəki erməni kilsələrinin guya gürcülər tərəfindən dağıdılması barədə car çəkmişdir. Yazıda bədbəxt və yazıq erməni millətinin Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınmasını bəhanə gətirən müəllif, Gürcüstanda milli azlıqların hüquqlarının pozulduğunu, onların mədəni irsinə xor baxıldığını “diqqətə” çatdırmış və beynəlxalq təşkilatları Gürcüstandakı etnik qrupların problemini və “erməni kilsəsi” məsələsinin tezliklə həll edilməsinə kömək göstərməyə çağırmışdır. Amma “Böyük Ermənistan imperiyası” yaratmaq xülyasına düşmüş həmvətənlərinin Azərbaycan ərazilərini işğal etməsi, işqal olunmuş ərazilərdə xalqımızın tarixlər boyu yaratdığı abidələri, yüzlərlə mədəniyyət, təhsil və tibb ocaqlarının yerlə-yeksan etmiş, şairlərinmiz Molla Pənah Vaqifin, Xurşud banu Natəvanın dahi Üzeyir bəyin, Bülbülün abidələrini və ev-muzeylərini, məscidləri dağıtmalarını nədənsə “unutmuşdur”. Vaxtilə Azərbaycanın əzəli torpaqları olmuş İrəvan, Zəngibasar, Basarkeçər, Zəngəzur və digər yerlərdəki Azərbaycan abidələrini də əlavə etsək çox böyük siyahı alınar. Bu yerdə xalqımızın gözəl bir atalar sözü yada düşür: Öz gözündə tiri görmür, amma başqasının gözündə tük axtarır.
Məqalədə bildirilir ki, erməni kilsəsini başqa yerə köçürmək adı altında onu dağıdır və bununla da Gürcüstandakı erməni mədəni irsinin izi itirilir. Görəsən, məqalə müəllifi bununla nə demək istəyir? Yəqin, başqa xalqların ərazilərinə göz dikmiş həmvətənləri kimi, bu üzdəniraq jurnalist də Gürcüstanda erməni abidələrinin dağıdıldığını car çəkirsə, sabah həmin ölkədəki bəzi rayonların tarixən Ermənistanın ərazisi olduğunu iddia edəcəkdir. Necə ki, ermənilərin daha sıx yaşadıqları rayonlarda erməni millətçilərinin və “başbilənlərinin” apardıqları həyasız və “uzaqgörən” yalançı siyasətlərinə uymuş ermənilər həmin rayonlara müxtariyyət verilməsini gürcü rəsmilərindən tələb etməyə başlamışlar. Amma onların siyasətini asanca başa düşmək olur: bu gün muxtariyyət, sabah isə Ermənistana birləşmək.
Məqalədə göstərilir ki, erməni kilsələrinin taleyi ilə əlaqədar beynəlxalq təşkilatlarla bərabər, Gürcüstanın Prezidentinə, Baş nazirinə, xarici və daxili işlər, mədəniyyət və təhsil nazirlərinə, ombudsmana, Gürcüstandakı ortodoks kilsəsinin rəhbərliyinə, Almaniya, Fransa, İtaliya, Rusiya, İsveçrə, Böyük Britaniya, ABŞ və Vatikanın səfirliklərinə, Avropa Şurasına, BMT-yə, ATƏT-ə və insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarına müraciət edildiyini xatırlatmışdır. “Erməni abidələrinin məhvi”nə görə özündən çıxmış erməni mənşəli müxbir qəzəblə “gürcülər tərəfindən milli azlıqların diskriminasiyaya məruz qaldıqlarını” diqqətə çəkmək istəmişdir. Burada da erməni bicliyi özünü büruzə verir. O, məqalədə “etnik qruplar” ifadəsini işlətməklə bunu problem kimi qələmə vermək və beləliklə də dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəmişdir. Əks halda, ermənilərin yalan və iftiralarına artıq öyrəşmiş xalqları buna heç bir vəchlə inandırmaq mümkün olmazdı. Elə buna görə, də yazı müəllifi bilərəkdən “milli azlıqlar” ifadəsini işlətmişdir.