“ÖZ HƏYATINI QORU VƏ BAŞQALARINA YAŞAMAĞA MANE OLMA”
Bir sıra dövlətlərin səhiyyə nazirlərinin 1988-ci ildə Böyük Britaniyada keçirilmiş görüşündə 1 dekabrı QİÇS-lə ümumdünya mübarizə günü elan etmək qərara alınmışdır. Bu il əsrin taunu ilə mübarizə “Öz həyatını qoru və başqallarına yaşamağa mane olma” devizi altında aparılır.
QİÇS-lə mübarizə üzrə Azərbaycan Milli Mərkəzinin direktoru Qalib Əliyev burada keçirilən mətbuat konfransında bildirmişdir ki, Azərbaycanda immunitet çatışmazlığı virusuna (İÇV) yoluxmaya nəzarət 1987-ci ildən təşkil olunmuş, 1990-cı ildə isə QİÇS-lə mübarizə üzrə Milli Mərkəz yaradılmışdır. Bu, respublikada İÇV-nin yayılmasının qarşısını almaqla bağlı tədbirləri əlaqələndirən yeganə dövlət qurumudur.
Azərbaycanda İÇV ilə yoluxma faktı ilk dəfə 1987-ci ildə Uqanda vətəndaşında, 1997-ci ildə isə respuqblikamızın vətəndaşında aşkara çıxarılmışdır. Mərkəzin 1997-ci ildən bəri apardığı məqsədyönlü iş nəticəsində belə halların aşkara çıxarılmasının sayı xeyli artmışdır. Əgər 1987-ci ildən 1996-cı ilədək olan dövrdə, yəni 9 ildə ölkədə 7 nəfər İÇV daşıyıcısı aşkara çıxarılmışdısa, 1997-ci ildə onların sayı 13 nəfərə, 1998-ci ildə 68 nəfərə, 1999-cu ildə 81 nəfərə, 2000-ci ildə 64 nəfərə, 2001-ci ildə 128 nəfərə, cari ilin 10 ayı ərzində isə 103 nəfərə çatmışdır.
2002-ci il oktyabrın sonuna olan məlumata görə, Azərbaycanda İÇV daşıyıcılarının və QİÇS xəstələrinin sayı 479 nəfərdir. Onların 457-si respublikamızın vətəndaşı, 22-si isə əcnəbidir. Respublikanın İÇV ilə yoluxmuş 448 vətəndaşından 38-nə QİÇS diaqnozu qoyulmuş, 34 nəfəri isə ölmüşdür. 18 ailənin İÇV ilə yoluxduğu qeydə alınmışdır. Həmin ailələrdə bunun mənbəyi İÇV ilə yoluxmuş narkoman ərlərdir. İÇV ilə yoluxanların 343-ü (76,56 faiz) kişi, 89-u (19,86 faiz) qadın, 16 nəfəri (3,57 faiz) naməlum şəxsdir.