Özbəkistan mətbuatı azərbaycanlı alimin məqaləsinə geniş yer ayırıb
Daşkənd, 15 fevral, АZƏRTAC
Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərin böyük özbək şairi Əlişir Nəvai haqqında rus dilində yazdığı məqalə Özbəkistanın uchildiz.uz portalında yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində Azərbaycan-özbək ədəbi əlaqələrindən danışılır, şair və yazıçılarımızın əməkdaşlığı vurğulanır.
Yazıda alimin özbək ədəbiyyatı ilə bağlı 13 orijinal və tərcümə kitabı, 100-dən artıq məqaləsinin olduğu qeyd olunur.
Müəllif yazır ki, hazırda Əlişir Nəvainin türk dilində yazdığı “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edir. İlin sonuna kimi bu beş poema üzərində iş yekunlaşacaq.
Bundan başqa, Daşkənddə çap olunan “Kitob dunyasi” qəzeti də Ramiz Əskər haqqında “Ədəbiyyat fədaisi” adlı məqalə çap edib.
Məqalədə alimin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, bu yaxınlarda Əlişir Nəvai ilə bağlı Özbəkistanda keçirilən tədbirlərə qatıldığı bildirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd