ÖZÜNÜZÜ QANUNSUZ RABİTƏ XİDMƏTİNDƏN QORUYUN
Rabitə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı araşdırmalar aparılmış və məlum olmuşdur ki, “KAT” BM 48 indeksi ilə əhaliyə təqribən 300-400 ABŞ dollarına mobil telefon aparatları satmaqla Abşeron ərazisində lisenziyasız mobil telefon xidməti göstərir. Nazirliyin adı çəkilən müəssisənin rəhbərliyinə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə və birgə müəssisənin təsis sənədlərinə məhəl qoymayaraq, qanunsuz mobil telefon xidmətləri göstərməkdə davam edirlər.
“KAT” BM şəhərlərarası danışığa görə “Aztelekom”a 5 milyard manata yaxın olan borcunu min cür bəhanələrlə ödəməyərək, həmin vəsaitə təsisçilərin razılığı olmadan, Azərbaycan Respublikasının qanunlarını kobud surətdə pozaraq və heç bir müsabiqə keçirilmədən bu avadanlığın alınmasına sərf etmişdir. Halbuki, respublikamıza bu cür mobil sistemin gətirilməsi üçün tender keçirilməli və qalib tərəfindən 100 milyon ABŞ dollarından çox vəsait dövlətin xəzinəsinə ödənildikdən sonra bu sistemin tətbiqinə nail olmaq olar. Beləliklə, müəyyən olunmuş prinsipləri pozmaqla fəaliyyət göstərən “KAT” BM rəhbərliyi bu cür hərəkətləri ilə Azərbaycan dövlətinə külli miqdarda zərər vurur.
Rabitə Nazirliyi bir daha 48 indeksli mobil telefon aparatlarından istifadə edən vətəndaşların nəzərinə çatdırır ki, bu cür aparatlar lisenziyasız, yəni qanunsuzdur. İstehlakçıların hüquqlarının müdafiəsi üçün bu cür telefonların sahibi olan vətəndaşlardan 93-39-84 nömrəli telefona zəng edərək məlumat vermələri xahiş olunur.