SİYASƏT
PAKİSTAN DOST VƏ QARDAŞ AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞA BÖYÜK ÖNƏM VERİR
AZƏRTAC xəbər verir ki, iyulun 7-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Pakistan Senatı xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səid ilə görüşmüşdür.
Oqtay Əsədov bildirmişdir ki, ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi kökləri vardır. Azərbaycan onun müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi Pakistan ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynamışdır. Biz parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini yüksək dəyərləndiririk. Çünki bu səfərlər təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan ilə Pakistan həyatın müxtəlif sahələrində əməkdaşlığı genişləndirirlər. Ancaq iqtisadi əməkdaşlığın səviyyəsi mövcud potensialı əks etdirmir. Bu gün sürətlə inkişaf edən Azərbaycan Cənubi Qafqazda həyata keçirilən qlobal layihələrin fəal iştirakçısıdır.
O.Əsədov vurğulamışdır ki, dövlətlərarası münasibətlərdə parlamentlərin rolu böyükdür. Biz qanunvericilik orqanları arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Milli Məclisdə Pakistan parlamenti ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.
Sədr bildirmişdir ki, bu gün iqtisadi inkişafına görə bölgədə ön sırada olan Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz Pakistanın münaqişənin həllində Azərbaycanın mövqeyini dəstəkləməsini çox yüksək qiymətləndiririk. İnanırıq ki, beynəlxalq birliyin səyləri nəticəsində Ermənistan tezliklə öz işğalçılıq mövqeyindən əl çəkəcək, problem beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllini tapacaqdır.
Müşahid Hüseyn Səid səfər çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulamış, Azərbaycanda gördüyü inkişafdan məmnun qaldığını söyləmiş və Milli Məclisin möhtəşəm binasına heyran olduğunu xüsusi qeyd etmişdir. Sonra o, Pakistan parlamenti sədrinin salamlarını Oqtay Əsədova çatdırmışdır. Qonaq bildirmişdir ki, onun ölkəsi dost və qardaş Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir. Səfər zamanı aparılan danışıqlar əlaqələrimizin bundan sonra daha sürətlə inkişaf edəcəyindən xəbər verir. Bunun üçün həyatın müxtəlif sahələrində potensial imkanlar vardır.
Daha sonra görüşdə parlamentlərarası, iqtisadi, humanitar əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri Eldar İbrahimov, Pakistanın ölkəmizdə səfiri Əbdül Həmid və digər rəsmi şəxslər iştirak etmişlər.
######