İQTİSADİYYAT
Pakistanın Baş nazirinin səfəri strateji tərəfdaşlığı inkişaf etdirmək istiqamətində daha bir uğurlu addım oldu – ŞƏRH
Bakı, 16 iyun, AZƏRTAC
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri rəsmi Bakının beynəlxalq mövqeləri möhkəmləndirmək, müttəfiq ölkələrlə strateji tərəfdaşlığı inkişaf etdirmək istiqamətində daha bir uğuru kimi dəyərləndirilməlidir.
Bu barədə AZƏRTAC-a açıqlamasında "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, Məhəmməd Şahbaz Şərifin səfəri Pakistanın Azərbaycanla strateji tərəfdaşlığı daha da inkişaf etdirmək, ölkələrimiz arasında hərbi, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlığı dərinləşdirmək mövqeyini bir daha nümayiş etdirdi: “Prezident İlham Əliyevin xarici siyasətində Pakistanla əməkdaşlığı xüsusi istiqamət kimi qeyd etmək olar və dövlət başçısının zamanında irəli sürdüyü təşəbbüslər, tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı atdığı addımlar ikitərəfli əlaqələrin möhkəm təməlini qoyub. Azərbaycanın xarici siyasətində, ölkəmizin xüsusən müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsində İslamabad xüsusi önəm kəsb edir. Pakistanın Baş nazirinin budəfəki səfəri göstərdi ki, bu əməkdaşlıq zamanın sınağından uğurla çıxıb və ölkələrimizin maraqlarını əks etdirir. İkitərəfli əlaqələr hər iki ölkənin strateji dəyərini artırır, regional və qlobal müstəvidə mövqelərini möhkəmləndirir. Pakistanın Baş nazirinin, həmçinin bundan əvvəl İsrail və Türkiyə prezidentlərinin səfərləri 44 günlük Vətən müharibəsində mərkəz Azərbaycan olmaqla, şərti olaraq “Qarabağ alyansı” adlandıra biləcəyimiz rəsmi Bakının müttəfiqlərinin mövqeyini, dəstəyini bir daha dünyaya bəyan etdi. Prezident İlham Əliyev bir daha müttəfiqlərini bir arada tutmaq, maraqları uzlaşdırmaq və ortaq hədəflər müəyyən etmək strategiyasını məharətlə həyata keçirdi”.